Azərbaycan müharibədə bütün həlak olanların siyahısını açıb - Ermənistan niyə gizlədir? - İttihamlar var..

İbrahim Rüstəmli: “Ölkə rəhbərliyi sosial narazılıqların genişlənəcəyindən çəkindiyi üçün siyahını dərc etmir”

Oktyabrın 27-də Ermənistan Milli Assambleyasında hökumət saatında “Hayastan” fraksiyasından olan deputat Qeqam Nazaryan Müdafiyə Nazirliyini ittiham edib.

O bildirib ki, bir neçə həftə əvvəl eyni gündə müxtəlif nazirliklərə 3 sorğu göndərib. Onlardan yalnız Müdafiə Nazirliyi sorğuya cavab verməyib: “2020-ci il noyabrın 9-dan 350 gün keçir, lakin Müdafiə Nazirliyi hələ də ölən oğlanlarımızın adlarını açıqlamayıb. Həmçinin dəfn olunanların da siyahısı açıqlanmayıb. Niyə Müdafiə Nazirliyi hələ də onların adlarını, dəfn olunduqları yerləri açıqlamayıb? Valideynlərin adından tələb edirəm: siyahını noyabrın 10-dək dərc edin. Özünüz çap etmək istəmirsinizsə, mənə göndərin, çap etməyə yer tapım”.

“Hərbi Sığorta Fondu bütün məlumatları özündə əks etdirən bütün siyahını dərc edib”, - deyə müdafiə naziri Arşak Karapetyan bu məlumatları oradan öyrənməyi məsləhət görüb.

Qeqam Nazaryan cavabında bildirib ki, bu saytdan xəbəri var, amma o, tamam başqa şeydən danışır: “Mən soruşuram ki, Müdafiə Nazirliyi bu siyahıları niyə dərc etmir? Mən də xahiş edirəm ki, bu siyahılarda onların haradan çağırıldığı və harada basdırıldığı göstərilsin”.

Karapetyan qeyd edib ki, bu təklifi öyrənəcək, qərar verilsə, dərc edəcəklər.

Yeri gəlmişkən, Azərbaycan tərəfi müharibədə həlak olanların siyahısını çoxdan dərc edib. Görünən odur ki, Ermənistan Müdafiə Nazirliyi Qarabağda ölən erməni əsgərlərin siyahısını dərc etməkdən hər vasitə ilə yayınır.

Maraqlıdır, müharihə hardasa bir ildir başa çatıb. O zaman Ermənistan niyə ölənlərin siyahısını dərc etmir?

“Müharibədə ermənilərin real itkiləri 7 min nəfər ətrafındadır”

Məsələyə münasibət bildirən hərbi ekspert İbrahim Rüstəmli bunu Ermənistanın əsgəri itkilərinin göstərilən rəsmi rəqəmlərdən böyük olması ilə əlaqələndirdi: “Məsələ ondadır ki, Ermənistan rəhbərliyi İkinci Qarabağ müharibəsində ölən erməni hərbçilərin həqiqi sayını gizlədir. Ona görə də siyahını dərc etməkdən hər dəfə yayınırlar. Rəsmi məlumata görə, müharibədə 4 minə yaxın erməni əsgəri ölüb. Ancaq buna heç ermənilərin özləri də inanmır. Ona görə ki, real rəqəmlər bundan qat-qat böyükdür. Təkcə 10 noyabr razılaşmasından bu günə qədər işğaldan azad edilmiş ərazilərdə 2000 nəfərə yaxın erməni əsgərlərinin cəsədləri aşkar olunaraq qarşı tərəfə təhvil verilib. Axtarış prosesi hələ də davam edir. Bəzi məlumatlara görə, müharibədə ermənilərin real itkiləri 7 min nəfər ətrafındadır. Adətən müdafiə olunan tərəfin itkiləri, hücum edən tərəflə müqayisədə az olur. Ancaq İkinci Qarabağ müharibəsində tam əksinə oldu. Üstəlik, erməni əsgərləri olduqca gücləndirilmiş səngərlərdə dayanmışdılar. Başqa bir tərəfdən, ermənilərin tərəfində döyüşən çoxsaylı muzdlular var idi ki, onların bir çoxu ya məhv edilib, ya da yaralanıb. Bir sözlə, Ermənistan rəhbərliyi sosial narazılıqların genişlənəcəyindən çəkindiyi üçün siyahını dərc etmir. Əsas səbəb bununla bağlıdır”.

Bununla yanaşı, hərbi ekspert hesab edir ki, Ermənistan rəhbərliyi siyahını sonsuza qədər gizlədə bilməyəcək.

Vidadi ORDAHALLI

Mənbə:
0
146
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar