Hazırda Azərbaycanın enerji resursları əvvəlki dövrlə müqayisədə Avropaya daha çox lazımdır. Biz öz təchizatımızı artırmağa hazırıq və əlbəttə ki, əməkdaşlığı dost ölkələrlə başlamaq istəyirik. Bu gün biz enerji sahəsində uzunmüddətli işbirliyinə imkan yaradacaq müvafiq Anlaşma Memorandumunu imzalayacağıq.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 30-da Budapeştdə Macarıstanın Baş naziri Viktor Orban ilə geniş tərkibdə görüşündə deyib.
“Lakin təkcə bu sahə deyil, çünki biz təhsil və mədəniyyət sahələrində əməkdaşlıq edirik. Biz Qarabağ bölgəsində yenidənqurma işlərində macar şirkətlərini görməyi ümid edirik. Bu gün biz cənab Baş nazirlə bu və digər məsələləri müzakirə etdik”, - deyə dövlətimizin başçısı bildirib.
Prezident İlham Əliyev Baş nazir Viktor Orbanı münasib vaxtda Azərbaycana səfərə və fəal dialoqu davam etdirməyə dəvət edib.
Yenidənqurmanın və bərpanın ikinci ilində işğaldan azad olunmuş ərazilərin bərpası üçün 2022-ci ilin dövlət büdcəsindən cəm olaraq 4 milyard 315 milyon manat vəsait ayrılıb.
“vergiler.az” Maliyyə Nazirliyinin məlumatına istinadən xəbər verir ki, bu barədə nazir Samir Şərifov rəhbərlik etdiyi qurumun 2022-ci ilin yekunlarına həsr olunan geniş tərkibdə kollegiya iclasında çıxış edərkən deyib.
Onun sözlərinə görə, bu məqsədlər üçün ilkin proqnozlaşdırılan 2 milyard 670 milyon manat vəsait 60 faizdən yuxarı artırılıb.
“Bu, ötən ilin dövlət büdcəsindəki vəsaitlərin çevik idarəedilməsi hesabına mümkün olub. Ümumilikdə, iki il ərzində işğaldan azad olunan ərazilərin təkcə bərpa və yenidənqurulması işləri üçün dövlət büdcəsindən 6,5 milyard manat vəsait maliyyələşdirilib”, - nazir qeyd edib.
“Europol”un koordinasiyası ilə həyata keçirilən “çirkli pulların yuyulması” əməliyyatında “Bitzlato” kriptovalyuta birjasının yüksək səviyyəli rəhbərləri də daxil olmaqla 5 nəfər saxlanılıb. Ümumi dəyəri 50 milyon avro olan 100-dən çox kripto hesabı isə dondurulub.
Avropa Polis Xidmətindən (“Europol”) verilən yazılı açıqlamada Honq-Konqda qeydiyyatdan keçmiş “Bitzlato” kriptovalyuta birjasının qanunsuz vəsaitləri Rusiya rubluna çevirərək çirkli pulların yuyulmasına şərait yaratdığı bildirilib.
Açıqlamada Belçika, Portuqaliya, İspaniya, Hollandiya və Cənubi Kipr təhlükəsizlik orqanlarının dəstəyi ilə ABŞ və Fransa polislərinin həyata keçirdiyi əməliyyatda “Bitzlato”nun rəhbərinin ABŞ-da, icraçı direktorunun, maliyyə direktorunun və marketinq direktorunun İspaniyada, daha bir yüksək vəzifəli rəhbərinin isə Cənubi Kiprdə saxlanıldığı bildirilib.
Açıqlamada qeyd edilib ki, əməliyyat çərçivəsində 18 milyon avro dəyərində aktivə həbs qoyulub, ümumilikdə 50 milyon avro dəyərində 100-dən çox kriptovalyuta hesabı dondurulub.
Açıqlamada “Bitzlato” üzərindən aparılmış 2,1 milyard avroluq əməliyyatların 46 faizinin qeyri-qanuni vəsaitlərlə həyata keçirildiyi vurğulanıb.
Göstərilib ki, əsasən kiber fırıldaqçılıq, çirkli pulların yuyulması, təhrikedici proqramlar və uşaq istismarı cinayətlərindən əldə edilən qeyri-qanuni vəsaitlərin həcmi təxminən 1 milyard avro təşkil edir. Bundan əlavə, “Bitzlato”nun Fransada qeydiyyatdan keçmiş bir şirkətdən icarəyə götürdüyü internet saytı da bağlanılıb.
Azərbaycan Respublikası Maliyyə Nazirliyində 2022-ci ilin yekunlarına həsr olunmuş geniş tərkibdə kollegiya iclası keçirilib.
Nazirlikdən bildirilib ki, Maliyyə Nazirliyinin struktur bölmələrinin, tabeliyindəki qurumların və yerli maliyyə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən kollegiya iclasında maliyyə naziri, Kollegiyanın sədri Samir Şərifov 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə mürəkkəb geosiyasi və iqtisadi şəraitdə ölkəmizin sosial-iqtisadi inkişafında olduqca müsbət nəticələrə imza atıldığını, iqtisadi artımın proqnozlaşdırılandan yüksək olduğunu, maliyyə mövqelərimizin daha da möhkəmləndiyini, Dövlət Neft Fondunun və Mərkəzi Bankın sərəncamında olan valyuta ehtiyatlarının artdığını qeyd edib. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli inkişaf Prioritetləri” əsasında qəbul olunmuş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” sənədinin icrasına başlanıldığını, Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası işlərinin geniş vüsət aldığını xatırladan Kollegiyanın sədri bildirib ki, yenidənqurmanın və bərpanın ikinci ilində işğaldan azad olunmuş ərazilərin bərpası üçün 2022-ci ilin dövlət büdcəsindən ümumilikdə 4 milyard 315 milyon manat vəsait ayrılıb: “Bu məqsədlər üçün ilkin proqnozlaşdırılan 2 milyard 670 milyon manat vəsait 60 faizdən yuxarı artırılıb. Bu, ötən ilin dövlət büdcəsindəki vəsaitlərin çevik idarəedilməsi hesabına mümkün olub. Ümumilikdə, iki il ərzində işğaldan azad olunmuş ərazilərin təkcə bərpa və yenidənqurulması işləri üçün dövlət büdcəsindən 6,5 milyard manat vəsait maliyyələşdirilib”.
Maliyyə naziri qeyd edib ki, 2022-ci ilin dövlət büdcəsinin icrası müsbət qiymətləndirilə bilər. Belə ki, dövlət büdcəsinin gəlirləri proqnoza qarşı 1 milyard 463 milyon manat və ya 5 faiz çox icra olunub, proqnozlaşdırılan 32 milyard 304 milyon manat xərclər isə 99,3 faiz səviyyəsində - 240 milyon manat az icra edilib. Dövlət büdcəsinin kəsri ilkin nəzərdə tutulduğundan 55 faiz az olub.
Vurğulanıb ki, dünyada inflasiya meyllərinin güclənməsinin Azərbaycana da göstərdiyi mənfi təsirlərin neytrallaşdırılması məqsədilə sosial-həssas əhali qruplarının gəlirlərinin inflasiyadan qorunması istiqamətində məqsədyönlü tədbirlər görülüb, o cümlədən dövlətimizin başçısının sərəncamları ilə ötən il ərzində pensiyaların, əməkhaqlarının və digər sosial müavinətlərin artırılması ilə bağlı qərarlar qəbul edilib və cari ildə də sosial sahədə bu siyasət davam etdirilməkdədir.
2022-ci ilin həm də xarici borcun əhəmiyyətli şəkildə azaldılması və daxili borc bazarının inkişaf etdirilməsi ilə səciyyəvi olduğunu deyən Samir Şərifov bu işlərin 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilən və ötən ilin sonunda yenilənən “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya” sənədi əsasında həyata keçirildiyini diqqətə çatdırıb. O qeyd edib ki, xarici borcun ÜDM-ə nisbəti birrəqəmli göstəriciyədək endirilib və 8,6 faiz təşkil edib. Eyni zamanda, “Büdcə sistemi haqqında” Qanuna və digər normativ sənədlərə edilən zəruri dəyişikliklərlə 2022-ci ildən büdcə qaydasının tətbiqinin bərpası təmin edilib, qayda əsasında il üzrə hədəflənən nəticələrə nail olunub, bu da fiskal dayanıqlığın və makroiqtisadi sabitliyin gücləndirilməsinə əhəmiyyətli töhfə verməkdədir.
Kollegiya sədri diqqətə çatdırıb ki, 2022-ci ildə Prezident İlham Əliyevin Maliyyə Nazirliyi qarşısında qoyduğu əhəmiyyətli maliyyə tutumuna malik olan tapşırıqların, dövlət büdcəsi ilə maliyyələşdirilməsi nəzərdə tutulan bütün dövlət vəzifələrinin və sosial proqramların, o cümlədən müdafiə, milli təhlükəsizlik, işğaldan azad edilmiş ərazilərin bərpası, sosial təminat və əhalinin sosial müdafiəsinin gücləndirilməsi, biznesə iqtisadi dəstək tədbirləri, habelə təhsil, səhiyyə, investisiya, mədəniyyət, idman və digər sahələrdə zəruri xərclərin maliyyələşdirilməsi tam və vaxtında təmin edilib. Eyni zamanda, dövlət büdcəsi iqtisadi fəallıq üçün investisiyaların təmin olunmasında aktiv mənbə olub. Həmçinin nazir qeyd edib ki, ötən il büdcə sənədi ilə bağlı şəffaflığın və hesabatlılığın artırılması, ictimaiyyətin və vətəndaş cəmiyyəti institutlarının büdcə göstəricilərinə əlçatanlığının genişləndirilməsi istiqamətində də mühüm addımlar atılıb. Dövlət maliyyəsinin idarə olunmasının keyfiyyətcə yeni mərhələyə keçməsi ilə bağlı sistemli şəkildə görülən işlər büdcə şəffaflığı və hesabatlılığına dair əsas diaqnostik qiymətləndirmə alətlərindən biri olan Açıq Büdcə İndeksində yüksək qiymətləndirilib. Belə ki, Beynəlxalq büdcə tərəfdaşlığı təşkilatının müəyyən etdiyi Açıq büdcə indeksində Azərbaycanın mövqeyi xeyli yaxşılaşaraq 120 ölkə arasında ötən qiymətləndirmədəki 81-ci yerdən 44-cü yerə yüksəlib.
Kollegiya iclasında ötən ilin dövlət büdcəsinin icra vəziyyəti, dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyanın 2018-2022-ci illər üzrə icrası və 2023-2025-ci illər üzrə hədəfləri, habelə Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı görülmüş və nəzərdə tutulan tədbirlər haqqında və Dövlət Maliyyə Nəzarəti Xidmətinin ötənilki fəaliyyətinin nəticələri, habelə qarşıda duran vəzifələr haqqında müzakirələr aparılıb.
2022-ci ilin dövlət və icmal büdcələrinin icrasının dinamikasının müsbət olduğu qeyd edilib. Beləki, operativ məlumatlara əsasən, 2022-ci ildə icmal büdcənin gəlirləri 42 milyard 290 milyon manat və ya proqnoza qarşı 5 milyard 529 milyon manat (15 faiz) çox olub. İcmal büdcənin xərcləri 35 milyard 61 milyon manat icra olunub ki, bu da 2021-ci illə müqayisədə 5 milyard 71 milyon manat və ya 16,9 faiz çoxdur. İcmal büdcədə 7 milyard 229 milyon manat büdcə artıqlığı (profisit) yaranıb ki, bu da proqnoza nisbətən 6,5 dəfə çoxdur. 2022-ci ildə dövlət büdcəsinin gəlirləri 30 milyard 661 milyon manat və ya 2021-ci illə müqayisədə 4 milyard 264 milyon manat (16,2 faiz) çox, dövlət büdcəsinin xərcləri isə 32 milyard 63 milyon manat və ya 2021-ci illə müqayisədə 4 milyard 641 milyon manat (16,9 faiz) çox icra olunub.
Hesabat ilində vergi və gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə daxilolmalarda müşahidə olunan müsbət dinamika Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulan transfertdən 3 milyard 595 milyon manat və ya 31,2 faiz az istifadə olunmasına imkan verib. Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozla nəzərdə tutulan 11 milyard 518 milyon manat məbləğində transfertə qarşı 7 milyard 923 milyon manat məbləğində vəsait daxil olub. 2022-ci ilin dövlət büdcəsinin kəsiri proqnozlaşdırılan 3 milyard 106 milyon manata qarşı 1 milyard 403 milyon manat və ya proqnozlaşdırılan kəsirdən 1 milyard 703 milyon manat (54,8 faiz) az olub. Kəsirin proqnoza qarşı daralması ilk növbədə fiskal orqanlar tərəfindən dövlət büdcəsinə daxilolmaların artıqlaması ilə təmin edilməsi hesabına olub. Eyni zamanda, ötən ildə nəticəəsaslı büdcə mexanizminin tətbiqi ilə əlaqədar olaraq dövlət büdcəsi xərclərinin funksional təsnifatının təhsil, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi bölmələri üzrə ortamüddətli xərclər çərçivəsinin icrası davam etdirilib.
Məlumat verilib ki, dövlət və icmal büdcə layihələrinin tərtibi prosesinin avtomatlaşdırılması istiqamətində görülən işlər çərçivəsində Büdcə Məlumat İdarəetmə Sisteminin yaradılması üçün nazirliyin iştirakı ilə icraçı təşkilatlar tərəfindən yaradılan proqram təminatı sınaqlardan keçirilərək artıq pilot rejimində istifadəyə verilib. Habelə, 2022-ci il ərzində dövlət xəzinədarlığının idarə edilməsinin təkmilləşdirilməsi istiqamətində aparılan tədbirlər nəticəsində ölkənin iqtisadi rayonlarının bölgüsünə uyğun olaraq regional xəzinədarlıq idarələrinin yenidən təşkili həyata keçirilib. Bu proses nəticəsində əvvəl mövcud olmuş 16 regional xəzinədarlıq idarəsi əvəzinə yeni 12 regional xəzinədarlıq idarəsi fəaliyyət göstərir.
Hesabat dövrü ərzində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən xəzinə əməliyyatlarının keyfiyyətinin artırılması, elektron məlumat mübadiləsinin genişləndirilməsi, məlumat informasiya bazasının müasir dövrün tələblərinə uyğunlaşdırılması məqsədilə “Xəzinədarlığın informasiya idarəetmə portalı” təkmilləşdirilərək büdcə təşkilatlarının istifadəsinə verilib. Yenilənmiş versiyada ölkəmizdə mövcud olan bütün növ rəqəmsal imzalarla əməliyyatların aparılması təmin edilib, müvafiq təhlillərin aparılması və nəzarətin gücləndirilməsi üçün müvafiq alətlər yaradılıb. Cari ildə də bu sahədə bir sıra yeniliklərin həyata keçirilməsi nəzərdə tutulur. Büdcə xərclərinin daha səmərəli, qənaətli, məqsədyönlü istifadəsinin təmin edilməsi və izafi xərclərin qarşısının alınmasının qarşıya qoyulan əsas vəzifələrdən biri olduğunu vurğulayan S.Şərifov nazirliyin struktur bölmələrinə və yerli maliyyə orqanlarına bununla bağlı konkret tapşırıqlar verib.
Müzakirələr zamanı “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”da qeyd olunan strateji məqsədlər üzrə müəyyən edilən hədəflərə nail olunduğu, həm ortamüddətli, həm də uzunmüddətli dövrdə dövlət büdcəsinin maliyyə ehtiyaclarını nəzərə almaqla dövlət borcunun dayanıqlılığının təmin edildiyi bildirilib. Belə ki, 2018-2025-ci illər üzrə ümumi dövlət borcunun ÜDM-ə nisbətinin yuxarı həddinin 30 faizdən çox olmaması və 2025-ci ilədək 20 faizdən aşağı salınması hədəflənib. Strategiyanın icrası nəticəsində ümumi dövlət borcunun ÜDM-də payı 2018-ci il iyulun 1-i, yəni Strategiyanın qəbul olunduğu dövr ilə müqayisədə 21,4 faizdən 9,7 faiz bənd azalaraq, bu il yanvarın 1-nə 11,7 faiz təşkil edib. Eyni dövr ərzində xarici dövlət borcunun ÜDM-ə nisbəti 20,3 faizdən 8,6 faizə azalıb, daxili dövlət borcunun ÜDM-ə nisbəti isə 1,1 faizdən 3,1 faizə artıb. Növbəti strateji məqsəd kimi dövlət borcu üzrə risk parametrlərinin aşağı salınması, o cümlədən, daxili borcalmanın artırılmasına üstünlük verilməklə, xarici borcalmanın tədricən azaldılması hesabına məzənnə riskinin azaldılması, faiz dərəcələrinin artım riskinin qarşısının alınması məqsədilə dəyişkən faizli borcların sabit faizli borclarla əvəz edilməsi nəzərdə tutulur. Qeyd olunmalıdır ki, Strategiyanın təsdiq olunduğu tarixdən etibarən ümumi dövlət borc portfelində xarici valyutada olan borcun payı 94 faizdən 20 faiz bəndi azaldılaraq cari ilin əvvəlinə 74 faiz təşkil edib, müvafiq olaraq daxili valyutada olan borcun payı isə 6 faizdən 26 faizə qədər yüksəlib.
Bununla yanaşı, dəyişkən faiz dərəcələrinin istinad faiz dərəcələri (bençmark) ən aşağı səviyyədə olduğu zamanlarda, yəni 2020-2021-ci illərdə sabitləşdirilməsi təmin edilmiş və dəyişkən faiz dərəcəli borcun ümumi borc portfelində payı 2018-ci il iyulun 1-i ilə müqayisədə 49,7 faizdən bu il yanvarın 1-nə 35 faizdən aşağı səviyyəsinə endirilib. Bu isə öz növbəsində, dövlət büdcəsinin xarici dövlət borcuna xidmət xərclərinə qənaət edilməsinə imkan yaratmaqdadır. 2022-ci il ərzində əsas strateji məqsədlərdən biri kimi yerli maliyyə bazarlarının inkişafının dəstəklənməsi istiqamətində də mühüm addımlar atılıb. Belə ki, 2018-ci il iyulun 1- ilə müqayisədə dövriyyədə olan dövlət qiymətli kağızlarının həcmi 3,4 milyard manat artırılaraq 2023-cü ilin əvvəlinə 4,2 milyard manata çatdırılıb, bu dövr ərzində dövriyyədə olan dövlət qiymətli kağızlarının ÜDM-ə nisbəti 1 faizdən 3,1 faizədək artırılıb. Strategiyanın təsdiq olunduğu dövrdə yalnız qısa (1 illik) və ortamüddətli (2 illik və 3 illik) dövlət qiymətli kağızları yerləşdirildiyi halda, son dövrdə daha uzunmüddətli, yəni dövriyyə müddəti 5 və hətta 7 illik dövlət istiqrazlarının yerləşdirilməsi təmin edilib və bununla da dövlət istiqrazları üzrə orta geri ödəniş müddəti Strategiyanın icrası dövründə əhəmiyyətli dərəcədə artırılıb. Bununla yanaşı, yeni institusional və korporativ investorların, habelə fiziki şəxslərin cəlb edilməsi ilə dövlət istiqrazlarının investor bazası genişləndirilib.
Qeyd olunub ki, il ərzində Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin fəaliyyətinin beynəlxalq praktikaya uyğun təşkil edilməsi ilə bağlı işlər davam etdirilib, o cümlədən əməliyyat effektivliyinin artırılmasını, strukturun təkmilləşdirilməsini, kadr potensialının gücləndirilməsini əhatə edən islahatlar aparılıb, hazırlanan müvafiq daxili təlimatların və qaydaların tətbiqinə başlanılıb. Müzakirələr zamanı bildirilib ki, 2022-ci il ərzində dövlət büdcəsindən ayrılmış vəsaitlərin təyinatı üzrə səmərəli xərclənməsi üzərində nəzarəti təmin etmək məqsədilə aparılmış nəzarət tədbirləri ilə vəsaitin xərclənməsini tənzimləyən qanunvericiliyin, maliyyə qaydalarının və normalarının tələblərinə əməl edilməməsi hesabına büdcə vəsaitlərinin artıq və əsassız xərcləndiyi, bəzi hallarda ciddi maliyyə pozuntularına yol verildiyi aşkar edilib. Belə ki, il ərzində ümumilikdə 185 nəzarət obyektində aparılmış maliyyə nəzarət tədbirləri ilə aşkar olunmuş 225 milyon 710 min manat məbləğində artıq və əsassız ödənişlərin 35,1 milyon manatının yoxlamaların gedişində təqsirkar şəxslər tərəfindən dövlət büdcəsinə bərpası təmin edilib, yerdə qalan vəsaitin bərpası ilə əlaqədar, habelə nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində hüquq-mühafizə orqanları tərəfindən tədbirlər görülür.
Cari ildə Maliyyə Nazirliyinin qarşısında duran mühüm vəzifələrindən əsası 2024-cü il dövlət və icmal büdcə layihələrinin və sonrakı üç il üçün icmal büdcə göstəricilərinin vaxtında və keyfiyyətlə hazırlanması işlərinin təşkili və müvafiq büdcə zərflərinin hazırlanıb aidiyyəti üzrə təqdim edilməsi olduğunu vurğulayan maliyyə naziri Samir Şərifov bununla bağlı qanunvericiliyə uyğun olaraq başlanılmış işlərin müvafiq icra ardıcıllığına uyğun olaraq davam etdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.
İclasda müzakirə olunan məsələlərə dair müvafiq qərarlar qəbul edilb.
Sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə təltif olunmuş nazirlik əməkdaşlarına medallar təqdim edilib.
Yanvarın 30-da Budapeştdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Macarıstan sənədləri imzalanıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Respublikası ilə Macarıstan arasında genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni imzaladılar.
"Azərbaycan Respublikasının Şuşa şəhəri və Macarıstanın Vesprem şəhəri arasında dostluq əlaqələrinin təsis edilməsi və mədəniyyət, turizm, şəhərsalma, elm, iqtisadiyyat və ictimai həyatın digər sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu"nu Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Vesprem şəhərinin meri Gyulya Porqa imzaladılar.
"Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında təbii qaz əməkdaşlığı haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto imzaladılar.
"Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto imzaladılar.
"Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti ilə Macarıstanın Əcnəbilərə Nəzarət üzrə Milli Baş Direktorluğu arasında miqrasiya sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu"nu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto imzaladılar.
"Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında dinc məqsədlərlə kosmik tədqiqat və kosmik fəaliyyətlərdə əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto imzaladılar.
"Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol"u Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto imzaladılar.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə keçirilən minifutbol turniri davam edir.
Yarışların növbəti turunda Azərbaycan Dövlət Siğorta Şirkətinin təmsilçiləri ilə qarşılaşan İqtisadiyyat Nazirliyinin komandası böyük hesabla qələbə qazanıb - 9:1. İqtisadiyyat Nazirliyinin komandası növbəti turda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin komandası ilə yarışacaq.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərrac 27 yanvar tarixində keçirilib. Hərracda 17 nəqliyyat vasitəsi satılıb. Hərraca çıxarılan dövlət əmlaklarına ümumilikdə 83 sifariş qəbul edilib.
Hərrac rəqabətli olub. Belə ki, “Chevrolet Epica” markalı avtomobilin ilkin start qiyməti 4.500 manat olsa da, ən son təklif 6.450 manata yüksəlib. İlkin start qiyməti 2.500 manat olan “Nissan Maxima” markalı nəqliyyat vasitəsi 4.400 manata özəlləşdirilib.
Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://clck.ru/33QHMs)
Növbəti ay üzrə hərraclar 14, 21, 28 fevral tarixlərində keçiriləcək.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-da Küveyt Dövlətinin Azərbaycan Respublikasındakı səfiri Abdullah Mohamed Abdullah Almaudi ilə görüş keçirilib.
AZPROMO-nun rəhbəri Yusif Abdullayev ölkəmizdə tətbiq olunan biznes və investisiyaların təşviqi mexanizmləri, bu sahədə Agentliyin fəaliyyəti, sahibkarlara göstərilən dəstək tədbirləri barədə məlumat verib, iki ölkəinin iş adamları arasında biznes forum və işgüzar görüşlərin təşkil olunmasını təklif edib.
Küveytin Azərbaycandakı səfiri Abdullah Mohamed Abdullah Almaudi qarşılıqlı ticarətin və investisiyaların artırılması üçün potensialı qeyd edib, iki ölkənin biznes dairələri arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Görüşdə iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb, qarşılıqlı informasiya mübadiləsinə dair razılıq əldə olunub.
Qeyd edək ki, ötən il Azərbaycanın Küveytlə ticarət dövriyyəsi, o cümlədən Azərbaycanın Küveytə ixracı 2 dəfə artıb. İxracın dinamikası hesabına ticarət dövriyyəsinin müsbət saldosunda da 2 dəfəyədək artım qeydə alınıb.
2022-ci ildə start verilmiş “Biznesdə qadınların gücü” layihəsində iştirak edəcək qadın sahibkarların seçimi başa çatıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Rabitəbank” ASC-nin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası və "Marsol" MMC-nin tərəfdaşlığı ilə həyata keçirilən layihədə iştirak etmək üçün 134 müraciət daxil olub. Layihənin Münsiflər Heyəti tərəfindən Bakı şəhəri və ölkə regionlarında fəaliyyət göstərən 23 qadın sahibkar seçilib. Onlar kənd təsərrüfatı, emal, qida, yüngül, yaradıcı və digər sahələrdə fəaliyyət göstərirlər.
Yanvarın 30-da “Bakı KOB evi”ndə “Biznesdə qadınların gücü” layihəsinin təqdimatı keçirilib. Layihənin təşkilatçıları və tərəfdaşlarının iştirakı ilə keçirilmiş tədbirdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, “Rabitəbank” ASC-nin İdarə Heyətinin sədri Aydın Hüseynov və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva layihənin əhəmiyyəti və layihə çərçivəsində həyata keçiriləcək tədbirlər barədə məlumat veriblər.
Qeyd edilib ki, “Biznesdə qadınların gücü” layihəsinin məqsədi qadın sahibkarların ölkə iqtisadiyyatındakı rolunun artırılmasına dəstək göstərmək, onların işgüzar fəallığının artırılması, maarifləndirmə və güzəştli maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində əlaqələrin qurulmasına şərait yaradılmasıdır. Layihə çərçivəsində qadın sahibkarlar üçün müxtəlif mövzularda təlimlər, istehsalat təcrübəsi, “netvörkinq” tədbirləri təşkil ediləcək. Layihənin sonunda iştirakçıların təqdim etdiyi ən yaxşı 3 layihənin maliyyələşdirilməsinə dəstək göstəriləcək (1-ci yer 5000 manat, 2-ci yer 3000 manat və 3-cü yer 2000 manat).
Tədbirdən sonra “Biznesdə qadınların gücü” layihəsinin iştirakçıları üçün ilk təlimlərə başlanılıb. Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri tərəfindən qadın sahibkarlara kommunikasiya, liderlik, mübahisələrin idarə olunması və s. mövzularda məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb. Həmçinin Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva tərəfindən mentorluq təlimi keçirilib.
Layihə iştirakçıları sahibkarlara dövlət və özəl qurumların xidmətlərinin vahid məkanda təqdim olunduğu “Bakı KOB evi”nin fəaliyyəti ilə də tanış olublar.
Qlobal çağırışlara, o cümlədən pandemiya ilə mübarizəyə adekvat reaksiya göstərə bilən və çevik preventiv tədbirlər gerçəkləşdirən dünya ölkələrində iqtisadiyyat dayanıqlılıq və davamlı artım nümayiş etdirir.
Aparılan təhlillər, nəticələr və nüfuzlu beynəlxalq qurumların hesabat və proqnozları Azərbaycanın iqtisadiyyatı davamlı inkişaf edən və artan ölkələrdən olduğunu göstərir. Təsadüfi deyil ki, beynəlxalq təşkilatların ölkəmizin iqtisadiyyatı barədə artım proqnozları qənaətbəxş və yüksək rəqəmlərlə ifadə edilir. Məsələn, bu qəbildən son proqnoz BMT tərəfindən verilib. BMT-nin proqnozlarına görə, 2023-cü ildə Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) artımı 3 faiz səviyyəsində olacaq. Eyni temp 2024-cü ildə də davam edəcək. Düzdür, dünyada artım templərindəki ümumi azalma tendensiyası ölkəmizə də təsir edəcək. Digər tərəfdən, Azərbaycanda orta illik inflyasiyanın azalacağı, 2023-cü ildə 8,1 faiz, 2024-cü ildə isə 5,3 faiz olacağı proqnozlaşdırılır.
Göründüyü kimi, iqtisadi artım fonunda inflyasiya da nəzərəçarpacaq dərəcədə aşağı düşəcək. Bu isə iqtisadi səmərəlilik üçün vacib amildir. BMT bu il üçün (Gürcüstan daxil və Ukrayna istisna olmaqla) MDB ölkələrinin iqtisadiyyatının 1 faiz azalacağını proqnozlaşdırır ki, bu da ÜDM-in 1,6 faiz artdığı əvvəlki illə müqayisədə azdır. MDB ölkələrinin iqtisadiyyatının azalmasının əsas səbəblərindən biri Ukraynadakı müharibədir. Bununla belə, bəzi postsovet ölkələri, xüsusilə, Azərbaycan BMT-nin qeyd etdiyi kimi, “biznesin və kapitalın yerdəyişməsi səbəbindən” mövcud vəziyyətdən faydalana bilir. Davamlı iqtisadi artım, siyasi-iqtisadi sabitlik, əlverişli işgüzar mühit heç şübhəsiz ki, investorların Azərbaycan iqtisadiyyatına marağını da artırır və investisiya reytinqinə müsbət təsir edir.
“Fitch Solutions” beynəlxalq reytinq agentliyinin proqnozları da bu baxımdan qeyd olunmalıdır. Məlumat verildiyi kimi, “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin struktur bölməsi olan “Fitch Solutions”un proqnozuna görə, 2023-cü ildə Azərbaycan iqtisadiyyatının artım tempi 2011-2021-ci illərdə qeydə alınmış orta hesabla 1,3 faizlik göstəricini keçəcək. Bu, şübhəsiz ki, ilk növbədə, ölkənin iqtisadi inkişaf strategiyasının uğurla həyata keçirilməsi nəticəsində mümkün olub. Belə ki, ölkəmizdə aparılan islahatlar, qeyri-neft sektorunun, özəl bölmənin inkişafı tədbirləri, uğurlu sosial-iqtisadi nailiyyətlər, işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin potensialından yararlanmaq ölkənin ümumi iqtisadi inkişafına, iqtisadi suverenliyinin daha da möhkəmləndirilməsinə əsaslı zəmin yaradıb.
Bununla yanaşı, Azərbaycanın etibarlı tərəfdaş kimi beynəlxalq aləmdə nüfuzu da durmadan artır. O da qeyd edilməlidir ki, ölkədəki siyasi sabitlik və iqtisadi inkişaf xarici dövlətlərin, investorların Azərbaycan iqtisadiyyatına uzunmüddətli sərmayə qoymaq üçün marağını daha da gücləndirib. Bunun nəticəsidir ki, Azərbaycan dövlətinin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi olan xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb edilməsi istiqamətində ciddi uğurlara nail olunur. Bundan başqa, Azərbaycanın strateji mövqeyi dünyada baş verən geosiyasi proseslər və konfliktlər fonunda daha da möhkəmlənib. Bununla bağlı olaraq, “Fitch Solutions” Azərbaycan üçün investisiya artımı proqnozunu 2022-ci ildə 0,9 faiz bəndindən (2011-2021-ci illərdə orta hesabla 0,8 faiz bəndi) 2023-cü ildə 1,3 faiz bəndinə yüksəldib. “Fitch Solutions” hesab edir ki, Ukrayna müharibəsi ilə bağlı Avropa İttifaqının sərt sanksiyaları fonunda Rusiya ticarətini Avropadan Şərqə yönləndirib və Azərbaycanın qeyri-neft-qaz sektoru bundan faydalanıb. Belə ki, 2022-ci ilin noyabrına (illik ifadədə) Azərbaycan və Rusiya arasında ticarət 23 faiz artıb. Başqa sözlə, Azərbaycanın ümumi xarici ticarətində Rusiyanın payı 2021-ci ildəki 8 faizdən 2022-ci ildə 12 faizə yüksəlib. 2023-cü ildə Rusiyadan Azərbaycana kapital axınının güclü olacağı, qeyri-neft və qaz sektoruna investisiyaların artmaqda davam edəcəyi proqnozlaşdırılır.
Qeyd edək ki, ümumilikdə Azərbaycanda investisiya sayəsində əsas prioritetlərdən biri qeyri-enerji sektoruna sərmayələrin yatırılmasıdır. Təsadüfi deyildir ki, Prezident İlham Əliyev Davos Forumunda infrastruktura, xüsusilə nəqliyyat infrastrukturuna, bərpaolunan enerji mənbələrinə yönəlmiş investisiyaların prioritetliyini vurğulayıb. Azərbaycan bu yöndə investisiya artımına nail olmaq üçün məqsədyönlü tədbirlər həyata keçirir. “Fitch Solutions”un hesabatında ölkəmizlə bağlı əsas məsələlərdən biri inflyasiya ilə bağlıdır. Bəllidir ki, inflyasiya bu gün bütün dünyada əsas narahatedici faktorlardan birinə çevrilib. Məsələn, inflyasiya inkişaf etmiş Qərb ölkələrində belə 10 faizi üstələyir.
Təbii ki, Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatının bir hissəsi olduğu üçün dünyada baş verən kəskin qiymət artımı ölkəmizdə də müşahidə olunur. Odur ki, Azərbaycandakı inflyasiya idxal edilmiş inflyasiya hesab olunur və ötən ilin nəticələrinə əsasən 13,9 faiz təşkil edib. “Fitch Solutions”un proqnozuna görə, Azərbaycanda istehlak qiymətləri inflyasiyası 2022-ci ildə illik orta hesabla 13 faiz olduğu halda, 2023-cü ildə illik müqayisədə 9,5 faizədək azalacaq. Buna isə ilk növbədə nəticəyönümlü antiinflyasiya tədbirləri, habelə biznes mühitinin daha da yaxşılaşdırılması, sağlam rəqabətin təşviqi, inhisarçılığa qarşı mübarizə və s. vasitələrlə nail olunacağı gözlənilir.
Xəzər dənizinin yüksək geosiyasi və iqtisadi əhəmiyyətini nəzərə alaraq, “Xəzər beşliyi” çərçivəsində Rusiya, Azərbaycan, Qazaxıstan, Türkmənistan və İran əməkdaşlığı bu gün xüsusi rol oynayır.
“vergiler.az” Rusiya Federasiyası Dövlət Dumasının yaydığı məlumata istinadən xəbər verir ki, bu barədə Türkmənistan Məclisinin deputatları qarşısında çıxış edərkən Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib.
Onun sözlərinə görə, beş dövlətin başçılarının əldə etdiyi razılaşmaların praktiki həyata keçirilməsinə “Xəzər beşliyi”nin parlament səviyyəsində formalaşması kömək edəcək.
“Ümid edirik ki, Xəzəryanı ölkələrin parlament sədrlərinin iştirakı ilə konfrans hər bir ölkədə növbə ilə keçiriləcək”, - deyə V.Volodin qeyd edib.
Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Macarıstanla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir. Macarıstan şimaldan Slovakiya, şimal-şərqdən Ukrayna, şimal-qərbdən Avstriya, şərqdən Rumıniya, cənubdan Serbiya, cənub-qərbdən Xorvatiya və qərbdən Sloveniya ilə həmsərhəddir. Təqribən 10 milyon nəfər əhalisi ilə Avropa İttifaqının üzvü olan orta ölçülü dövlətdir. Ölkənin rəsmi dili Ural dilləri ailəsinə aid olan macar dilidir. Macarıstanın paytaxtı və ən böyük şəhəri Budapeştdir. Digər böyük şəhərləri isə Debreçen, Seqed, Mişkolç, Peç və Dyordur.
XXI əsrdə Macarıstan orta güc hesab edilir. Belə ki, Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə Macarıstan 191 ölkə arasında ümumi daxili məhsulun (ÜDM) həcminə görə 57-ci, adambaşına düşən ÜDM həcminə görə isə 58-ci pillədə qərarlaşıb. Sənaye və texnologiya sektorları sürətlə inkişaf edən bu ölkə dünyanın 35-ci ən böyük ixracatçısı və 34-cü ən böyük idxalatçısı hesab olunur. Çox yüksək həyat standartları olan Macarıstan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv ölkələr arasında yüksək gəlirli iqtisadiyyata sahib olması ilə seçilir.
2004-cü ildən Avropa İttifaqına üzv olan Macarıstan 2007-ci ildən etibarən Şengen zonasına daxil edilib. Bu ölkə hazırda BMT, NATO, Dünya Ticarət Təşkilatı, Dünya Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı, Avropa Şurası və başqa bir çox təşkilatın üzvüdür. Zəngin mədəni tarixə sahib olan Macarıstanda incəsənət, musiqi, ədəbiyyat, idman, elm və texnologiya sahələri yaxşı inkişaf edib. Macarıstan Avropanın 11-ci ən çox turist qəbul edən ölkəsi hesab olunur. 2015-ci il ərzində buraya müxtəlif ölkələrdən 14.3 milyon turist səyahət edib. Macarıstan dünyada ən böyük termal su mağarasına və ikinci ən böyük termal gölə ev sahibliyi edir. Mərkəzi Avropa regionunda yerləşən ən böyük göl olan Balaton gölü də buradadır.
Azərbaycan ilə Macarıstan arasında siyasi əlaqələr yüksək səviyyədədir, ali səviyyədə dialoq mövcuddur. İkitərəfli münasibətlər dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq ruhunda inkişaf edir. Macarıstan ilə əlaqələrin hərtərəfli inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindəndir. Macarıstan Azərbaycanın strateji tərəfdaşı və Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biridir.
İki ölkə arasında siyasi dialoq yüksələn xətlə inkişaf etməkdədir. Belə ki, 1991-ci il dekabrın 26-da Azərbaycan Respublikasının müstəqilliyini tanıyan Macarıstanla diplomatik münasibətlər 1992-ci il aprelin 27-də qurulub. Keçən il diplomatik münasibətlərimizin qurulmasının 30 illiyi qeyd edilib. 2004-cü ildə Azərbaycanın Macarıstanda, 2009-cu ildə isə Macarıstanın ölkəmizdə səfirliyi təsis olunub. İki ölkə arasında parlamentlərarası münasibətlər də yüksək səviyyədə inkişaf edir. Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qrupun 14 üzvü var. Macarıstan parlamentində isə səkkiz deputatın təmsil olunduğu Macarıstan-Azərbaycan dostluq qrupu fəaliyyət göstərir. Bu vaxtadək iki ölkə arasında imzalanan 50 sənəd müqavilə-hüquq bazasının möhkəmlənməsində mühüm rol oynayıb. Çoxtərəfli platformada, xüsusilə BMT, ATƏT, NATO, Aİ, Şərq Tərəfdaşlığı, Vişeqrad Qrupu, Türk Dövlətləri Təşkilatı çərçivəsində iki ölkə arasında davamlı əməkdaşlıq əlaqələri inkişaf etdirilir.
Ölkələrimiz arasında iqtisadi əlaqələrdə də davamlı inkişaf meyilləri müşahidə olunur. Azərbaycan və Macarıstan geniş iqtisadi potensiala malik ölkələrdir. İki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə, habelə iqtisadi sahəni əhatə edən bir sıra digər sənədlər iqtisadi əməkdaşlığın daha da genişlənməsində əhəmiyyətli baza rolunu oynayır. Azərbaycanda 21 Macarıstan investisiyalı şirkət əsasən kənd təsərrüfat, nəqliyyat, ticarət, xidmət sahələrində fəaliyyət göstərirlər. Macarıstan Azərbaycana 1,1 milyard ABŞ dolları məbləğində (əsasən neft-qaz sahəsi), Azərbaycan isə Macarıstana 18,1 milyon ABŞ dolları investisiya yatırıb.
İki ölkə arasında əmtəə dövriyyəsinin həcminin qısa zaman kəsiyində əhəmiyyətli dərəcədə artımı əlaqələrin yüksək səviyyədə olmasının əyani təsdiqidir. 2021-ci ildə Azərbaycan ilə Macarıstan arasında ümumi ticarət dövriyyəsi 35,16 milyon ABŞ dolları təşkil edib. 2022-ci ildə isə 47,4 milyon ABŞ dolları təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 34,81 faiz artım deməkdir.
Azərbaycan ilə Macarıstan arasında ticarət əlaqələri (milyon ABŞ dolları ilə)
İl
Ticarət dövriyyəsi
İdxal
İxrac
2015
28
28
0,2
2016
41
40
0,9
2017
43
41
1,9
2018
67
66
1,5
2019
36
35
0,7
2020
38,8
37,7
1
Macarıstan Azərbaycanla enerji sahəsində əməkdaşlığa da mühüm önəm verir. Bu ölkə Cənub Qaz Dəhlizi (CQD) layihəsini dəstəkləyir və ona qoşulmaqla bağlı marağını ifadə edib. Macarıstan tərəfi CQD-nin Məşvərət Şurasının illik Nazirlər görüşlərində bir qayda olaraq nazir səviyyəsində təmsil olunur. 2023-cü ilin fevralında Bakıda keçiriləcək CQD-nin Məşvərət Şurasının illik iclasında Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyyartonun iştirakı nəzərdə tutulur.
İki ölkə arasında nəqliyyat, tranzit və logistika sahələrində də əməkdaşlıq uğurla inkişaf etdirilir. Bu məqsədlə, 2022-ci ildə Ələt Azad İqtisadi Zonası və Macarıstan İxracın Təşviqi Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb. Macarıstanın “Wizz Air” şirkəti Bakı və Budapeşt şəhərləri arasında birbaşa aviauçuşlar həyata keçirir.
İşğaldan azad edilmiş Azərbaycan ərazilərində aparılan bərpa-quruculuq işlərində iştiraka Macarıstan şirkətləri böyük maraq göstərirlər və bununla bağlı müvafiq layihələr təqdim ediblər. Macarıstan işğaldan azad edilmiş ərazilərimizdə minatəmizləmə fəaliyyətinə dəstək məqsədilə könüllü töhfə olaraq 25.000 avro ianə edib.
Azərbaycanla Macarıstan arasında humanitar sahədə də əməkdaşlıq əlaqələri inkişaf edir. Macarıstan hökumətinin maliyyə dəstəyi ilə “Stipendium Hungaricum” təqaüd proqramı çərçivəsində Macarıstanda Azərbaycan gənclərinin təhsil alması məqsədilə hər il 200 nəfərlik təqaüd ayrılır. Azərbaycan Dillər Universitetində Macar dili və Mədəniyyəti Mərkəzi fəaliyyət göstərir.
Xəbər verdiyimiz kimi, bu il yanvarın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstan Prezidenti xanım Katalin Novakın dəvəti əsasında Macarıstana rəsmi səfər edib. Bu səfər Prezident İlham Əliyevin dövlət başçısı kimi Macarıstana dördüncü səfəridir. Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. İkitərəfli münasibətlərin gündəliyində olan aktual məsələlərin müzakirəsi məqsədilə Azərbaycan dövlət başçısının bu gün Macarıstan Prezidenti xanım Katalin Novak və Baş nazir Viktor Orbanla həm təkbətək, həm də geniş tərkibdə görüşləri nəzərdə tutulub.
Dövlətimizin başçısının Macarıstana səfəri Azərbaycan-Macarıstan strateji tərəfdaşlığının hərtərəfli və yüksələn xətlə inkişaf etməsinin əyani göstəricisidir. Səfər çərçivəsində bir sıra ikitərəfli sənədlərin imzalanması nəzərdə tutulub. Onların içərisində Azərbaycanın dövlət başçısı və Macarıstanın Baş naziri tərəfindən imzalanacaq Azərbaycan ilə Macarıstan arasında strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə yer alıb. Bəyannamədə tərəflər ikitərəfli əməkdaşlığın bütün sahələri, həmçinin beynəlxalq və regional məsələlər üzrə strateji dialoqu davam etdirməyə hazırlıqlarını ifadə edirlər. Sənəddə, eyni zamanda, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyi qeyd olunaraq, TDT-nin Macarıstandakı Nümayəndəlik Ofisinin fəaliyyəti xüsusi vurğulanır. Qeyd edək ki, 2018-ci ildən Türk Dövlətləri Təşkilatında müşahidəçi olan və təşkilatla əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət verən bu ölkənin Budapeşt şəhərində TDT-nin Nümayəndəlik Ofisi fəaliyyət göstərir. Macarıstanın Baş naziri Viktor Orban 2018-ci ildəki bəyanatında bildirmişdir ki, macarlar özlərini Hun hökmdarı Atillanın nəslindən hesab edirlər və macar xalqı hun-türk köklərinə əsaslanır.
Həmçinin enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ali səviyyədə müzakirə olunacaq mövzular arasındadır. Macarıstan Azərbaycan ilə enerji sahəsində əməkdaşlığa böyük əhəmiyyət verir və Avropanın enerji təhlükəsizliyinin təminatında ölkəmizin oynadığı mühüm rolu daim təqdir edir.
Bu səfər göstərir ki, iqtisadi və geostrateji üstünlüklərindən səmərəli yararlanmaqla yüksək inkişaf mərhələsinə qədəm qoyan və Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycan Macarıstan ilə münasibətlərin inkişafına xüsusi önəm verir. Əminliklə söyləmək olar ki, səfər ikitərəfli əlaqələrə öz müsbət təsirini göstərəcək, münasibətlərimizdə yeni səhifə açacaq.
Xatırladaq ki, 2022-ci ilin iyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen tərəfindən enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır. Sənədə əsasən Azərbaycan 2027-ci ilə qədər təbii qazın təchizat həcmini ən azı iki dəfə artırmağı planlaşdırır. Bu sənəd, eyni zamanda, Azərbaycan ilə Aİ arasında bərpaolunan enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutur. Həmçinin ötən il dekabrın 17-də Buxarestdə Azərbaycan, Macarıstan, Rumıniya və Gürcüstan Hökumətləri arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlığa dair müvafiq Saziş imzalanıb. Saziş bu ölkələr arasında “yaşıl enerji”nin ötürülməsi məqsədilə Gürcüstan və Qara dənizdən keçəcək sualtı elektrik enerjisi kabelinin çəkilməsi (Qara Dəniz Sualtı Elektrik Enerjisi Xətti) layihəsinin reallaşdırılmasını nəzərdə tutur. Bu layihənin implementasiyası region və Avropa bazarları arasında elektrik enerjisinin ixracı imkanlarının genişləndirilməsi, eləcə də xüsusən Xəzər dənizin Azərbaycan sektorundakı böyük külək enerjisi potensialı sayəsində Avropanın enerji təhlükəsizliyinin diversifikasiyası baxımından mühüm rol oynayacaq.
Qeyd edək ki, 2009-cu ildən bəri iki ölkə arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya fəaliyyət göstərir. Komissiyanın Azərbaycan tərəfindən həmsədri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Macarıstan tərəfindən xarici işlər və ticarət naziri Peter Siyyartodur. Komissiyanın indiyədək 8 iclası keçirilib. Növbəti iclasın isə yaxın vaxtlarda Budapeştdə keçirilməsi nəzərdə tutulur.
1-2 mart tarixində rusiyalı sahibkarların Azərbaycana işgüzar səfəri baş tutacaq.
“vergiler.az” Rusiya İxrac Mərkəzinə istinadən xəbər verir ki, qida məhsulları istehsalçılarından ibarət nümayəndə heyəti üçün biznes missiya çərçivəsində B2B görüşlər və sahə tədbirləri təşkil olunacaq.
İşgüzar səfərin əsas məqsədi ixrac müqavilələrinin bağlanmasıdır.
“Kaspersky” şirkəti insanların kriptovalyutalara münasibəti ilə bağlı araşdırma aparıb. “vergiler.az” şirkətə istinadən xəbər verir ki, 16 ölkədə aparılan sorğu ümumilikdə 12 min insanı əhatə edib.
Respondentlərin təxminən yarısının (48%) qeyri-sabitlikdən qorxaraq rəqəmsal puldan imtina etdiyi məlum olub. Rəyi soruşulanların 10%-i isə artıq aktivlərini itirdiyini və nəticədə investisiyalardan imtina etdiyini açıqlayıblar. Kriptovalyuta sahibi olmayan respondentlərin 61%-i vəsait itirmək riski səbəbindən ondan istifadə etməyi düşünmür.
Respondentlərin 14%-i kriptovalyutanın dəyərinin heç bir maddi aktivlə təmin edilməməsindən narahatdır, 6%-i isə kiberhücumlar nəticəsində şəxsi məlumatların sızması risklərindən qorxur.
“Kriptovalyuta sənayesi nisbətən yeni meydana çıxıb. Təəccüblü deyil ki, əsrlər boyu ənənəvi puldan istifadə edən insanlar hələ də onun innovativ analoqlarına etibar etmirlər. Bununla belə, kriptovalyutaların böyük potensialı var. Kriptovalyuta sahibləri təhlükəsizliyə diqqət yetirməklə maliyyə aktivlərini və şəxsi məlumatlarını itirmək risklərini minimuma endirə və özlərini müvafiq təhlükələrdən qoruya bilərlər. Azərbaycanda bu sahədə hüquqi bazanın hələ formalaşma mərhələsində olduğunu nəzərə alsaq, ikiqat diqqətli olmaq lazımdır”, -”Kaspersky”nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.
Kriptovalyutaların üstünlüklərindən təhlükəsiz istifadə etmək üçün bunlar tövsiyə edilir:
hər bir hesab üçün güclü, unikal şifrələrdən istifadə edin, bununla hesabınızın sındırılmasının qarşısını ala bilərsiniz;
şübhəli e-poçt və linklərdən ehtiyatlı olun: fişinq hücumçularının köməyi ilə təcavüzkarlar qurbanları şəxsi hesab və ya şəxsi məlumatlara giriş üçün hesab məlumatlarını ötürməyə inandırmağa çalışırlar;
kriptocüzdanınızın kilidini açmaq üçün itifadə etdiyiniz şəxsi açarlarınızı heç kimlə paylaşmayın;
rəqəmsal savadlılığa diqqət yetirin: mövcud kibertəhlükələrdən və kriptovalyutadan qorunma təcrübələrindən xəbərdar olun. Mümkün aldatma sxemləri haqqında nə qədər çox bilsəniz, onlara qarşı daha yaxşı mübarizə apara biləcəksiniz;
bütün cihazlarda etibarlı təhlükəsizlik həlli quraşdırın.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində Dünya Bankının nümayəndə heyəti ilə “İnfrastruktur İdarəetməsinin Qiymətləndirilməsi Çərçivəsinə (InfraGov) mümkün töhfələr” mövzusunda görüş keçirilib.
Görüşdə son dövrlərdə həyata keçirilmiş islahatlar, rəqabət və dövlət satınalmaları sahəsində qanunvericiliyə təklif edilmiş dəyişiklik layihələri barədə müzakirələr aparılıb, keyfiyyət infrastukturunun təkmilləşdirilməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə beynəlxalq standartlara və tələblərə nail olunmasının sahibkarlığın inkişafına verəcəyi töhfələrdən bəhs olunub.
Qeyd edək ki, Dünya Bankının təşəbbüsü ilə həyata keçirilən “InfraGov” layihəsi keyfiyyət infrastrukturunun yaxşılaşdırılmasına xidmət edən resurs və metodologiyaların tətbiqini ehtiva edir.
"Caspian Energy Club" şirkəti İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, Kiçik və Orta Biznesin İnkişafı Agentliy (KOBİA) və "Times Consulting" şirkətinin tərəfdaşlığı ilə ikinci "CEO Award Azerbaijan" milli müsabiqəsinə start verir.
"CEO Award Azerbaijan" milli müsabiqəsinin qalibləri 14 fevral – 5 mart tarixləri arasında müstəqil beynəlxalq platformada keçiriləcək onlayn səsvermə nəticəsində müəyyənləşdiriləcək. Səsvermənin nəticələri 10 mart tarixində açıqlanacaq.
Müsabiqədə Azərbaycanda fəaliyyət göstərən yerli və xarici şirkətlərin top-menecerləri iştirak edə bilərlər. Müsabiqəyə qatılmaq istəyənlər www.ceo.award.az saytında qeydiyyatdan keçə bilərlər.
Müəssisə satış məqsədilə mənzillər alır və aldığı mənzilləri investisiya mülkiyyəti kimi tanıyır. Bu zaman əmlak vergisi öhdəliyi yaranırmı?
Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 197.1.3-cü maddəsinə əsasən, müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik dəyəri əmlak vergisinin vergitutma obyektini təşkil edir və müəssisələr əsas vəsaitlərin Vergi Məcəlləsinin 202-ci maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyərindən 1 faiz dərəcəsi ilə əmlak vergisi ödəyirlər.
Vergi Məcəlləsinin 13.2.17-ci maddəsində isə göstərilir ki, əsas vəsaitlər dedikdə, istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlər nəzərdə tutulur.
Qeyd olunanlara əsasən müraciətdə göstərilən halda, müəssisə tərəfindən alınmış daşınmaz əmlaklar əsas vəsaitlər kateqoriyasına aid olmaqla satıldığı dövrədək Vergi Məcəlləsi ilə müəyyən edilən qaydada əmlak vergisinə cəlb edilir.
Əsas: Vergi Məcəlləsinin 13-cü və 197-ci maddələri
Vergi Məcəlləsində avtonəqliyyat vasitələri üçün azadolmanı nəzərdə tutan 199.4.3-cü maddə ləğv edildikdən sonra – 1 yanvar 2022-ci ildən avtonəqliyyat vasitələri əmlak vergisinə cəlb edilir. 2022-ci ilin əmlak vergisi təqdim ediləndə müəssisələrin balansında olan nəqliyyat vasitələri üçün əmlak vergisi hesablanılıb ödənilməlidir. Bəs bu zaman hesablamalar necə aparılmalıdır? 2022-ci ilin əvvəlinə nəqliyyat vasitələrinin qalıq dəyəri əmlak vergisi üçün nəzərə alınmalıdırmı? “vergiler.az”ın suallarına sərbəst auditor Altay Cəfərov aydınlıq gətirib.
Maraq doğuran halları konkretləşdirmək üçün misalı nəzərdən keçirək.
“AA” MMC-nin balansında ancaq əsas vəsaitlər kimi 2021-ci ilin əvvəlinə 10.000 manatlıq, həmin ilin sonuna isə 7.500 manat qalıq dəyəri olan nəqliyyat vasitələri vardır. Şirkət 2022-ci ildə heç bir əsas vəsait almayıb və nəqliyyat vasitələrinə illik norma ilə amortizasiya hesablayıb. Bu halda MMC-nin 2021-ci və 2022-ci il üçün əmlak vergisi nə qədər olacaq?
2021-ci ildə nəqliyyat vasitəsi əmlak vergisindən azad edildiyinə görə əmlak vergisi bəyannaməsində ilin əvvəlinə azad edilən əmlakın qalıq dəyəri kimi 10.000 manat; 2021-ci ilin sonuna isə bəyannamənin 1-ci əlavəsinin 513-cü sətrində, Vergi Məcəlləsinin 199.4.3.-cü maddəsinə əsaslanaraq, 7.500 manat yazılacaq. Nəticə etibarilə 2021-ci il üçün əmlak vergisi hesablanmayacaq.
Bu halda 01.01.2022-ci il tarixinə əsas vəsaitlərin qalıq dəyəri 7.500 manat olacaq. 2022-ci ildə norma ilə 1.875 manat amortizasiya hesablanıldığından 2022-ci ilin sonuna nəqliyyat vasitələrinin qalıq dəyəri (7.500 – 1.875) = 5.625 manat müəyyənləşdirilir.
7.500 x 25% = 1.875 manat;
7.500 – 1.875 = 5.625 manat.
Nəqliyyat vasitələri 2021-ci ilin sonuna əmlak vergisindən azad edilmişdirsə, bəs 2022-ci ilin əvvəlinə də əmlak vergisi bəyannaməsində azad edilən kimi yazılacaqmı?
Qeyd edildiyi kimi, nəqliyyat vasitələrinin əmlak vergisindən azad edilməsinin son tarixi 31.12.2021-ci ilə kimi olub. Artıq 01.01.2022-ci ildən əmlak vergisinə cəlb edildiyinə görə 2022-ci ilin əmlak vergisi bəyannaməsinin ilin əvvəlinə nəqliyyat vasitələri vergiyə cəlb edilən əmlak kimi yazılmalıdır. Eyni zamanda da ilin sonuna vergiyə cəlb edilən əmlak kimi qeyd edilməlidir.
Odur ki, cəmiyyətin 2022-ci ildə əmlak vergisi belə hesablanacaq:
7.500 + 5.625 = 13.125 manat;
13.125 : 2 = 6.562,5 manat;
6.562,5 x 1% = 65,63 manat.
Beləliklə, “AA” MMC-nin 2022-ci üçün əmlak vergisi 65,63 manat təşkil edəcək.
2022-ci il üçün əmlak vergisi bəyannaməsi təqdim ediləndən sonra vergi orqanlarından 2021-ci ilin sonuna 7.500 manat əmlakın azad edilən, 2022-ci ilin əvvəlinə isə cəlb edilən kimi yazılması haqqında uyğunsuzluq xəbərdarlığı daxil ola bilər. Bu halda sadə açıqlama təqdim etməklə uyğunsuzluq aradan qaldırılır. Yəni vergi ödəyiciləri Vergi Məcəlləsində olan dəyişiklik əsasında 2021-ci ildə nəqliyyat vasitələrinin əmlak vergisindən azad edilməsi barədə açıqlama təqdim edə bilərlər. Açıqlamada 2022-ci ilin əvvəlindən nəqliyyat vasitələri vergiyə cəlb edilən əmlak olduğundan, 01.01.2022-ci ildə əmlak vergisi bəyannaməsində onların vergiyə cəlb edilən əmlak kimi yazıldığı qeyd edilməlidir.
İngiltərə iqtisadçısısı Ceyms Mid (James Meade) 1907-c ildə Dorset qraflığının Svanik şəhərində Çarlz Hippsli Mid ilə Ketlin Midin ailəsində dünyaya gəlib. Ənənəvi təhsil alandan sonra 1928-ci ildə yeni yaradılmış Oriel Kollecinin fəlsəfə, siyasət və iqtisadiyyat məktəbinə daxil olub, buradaiqtisadiyyatı öyrənməyə başlayıb.
Onun iqtisad elminə marağı, özünün dediyi kimi, "gülünc və zərərli" adlandırdığı şeydən – müharibələr arasında İngiltərədəki işsizlik səviyyəsindən, eləcə də "çox sevdiyi, lakin bir qədər ekssentrik avantürist olan xalasının" təsirindən ilhamlanırdı. O, müasir iqtisadiyyatın xəstəliyinin yetərsiz alıcılıq qabiliyyətindən qaynaqlandığı nəzəriyyəsini irəli sürən ingilis iqtisadçısı Mayor Duqlasın davamçısı idi. M.Duqlas problemin həlli üçün qiymətlərə nəzarət etməyi və “sosial kredit”in istehlakçılara paylanması yolu ilə alıcılıq qabiliyyətini artırmağı təklif edirdi. TezlikləM.Duqlasın ideyalarına marağı sönən Ceyms Mid diqqətini iqtisadi rifahın yaxşılaşdırılması siyasətlərinin işlənib hazırlanmasına yönəltdi.
O, 1930-cu ildə Oksford Universitetini bitirib.
Kembric Universitetinin aspiranturasında oxuyub və burada C.M.Keyns ətrafında formalaşan qrupa qoşulub. 1937-ci ildə Dünya İqtisadi Tədqiqatının redaktoru olub, İkinci Dünya müharibəsi başlayandan sonra hökumətin iqtisadiyyat üzrə müşaviri təyin edilərək Böyük Britaniyaya qayıdıb. Müharibə illərində Keynsin rəhbərliyi altında BVF və GATT layihələrinin hazırlanmasında iştirak edib, müharibədən sonra Leyboristlər Partiyasının qurduğu hökumətin müşaviri olub. 1947-1957-ci illərdə London İqtisadiyyat Məktəbinin professoru, 1957-1968-ci illərdə Kembric Universitetinin professoru olub. Təqaüdə çıxdıqdan sonra fəal elmi fəaliyyətini davam etdirib.
İlk dəfə olaraq beynəlxalq ticarət nəzəriyyəsini hazırlayan Ceyms Mid nəzəri maraqlarını iqtisadi siyasətin effektiv alətlərini yaratmaq istəyi ilə birləşdirmişdir. O, “Ödənişlər balansı” kitabında Tinberqenin işləyib hazırladığı prinsipə əsaslanaraq göstərirdi ki, daxili balans (tam məşğulluq) və xarici balans (tədiyyə balansı) məqsədlərinə nail olmaq üçün iqtisadi siyasətin hər iki alətindən istifadə etmək lazımdır. Onun nəzəriyyəsinə görə, daxili və xarici tarazlığa yalnız həm fiskal (tam məşğulluğu təmin etmək), həm də monetar (beynəlxalq kapital axınını cəlb etmək və ya dəf etmək) siyasəti tətbiq etməklə nail olmaq mümükündür.
“Ticarət və rifah” kitabında daxili bazarda mükəmməl rəqabətə malik olmayan ölkələrin rifahına beynəlxalq ticarətin təsirini göstərmişdir. Onun qənaətinə görə, əgər optimala nail olmaq üçün lazım olan şərtlərə əməl edilməzsə, azad ticarətə doğru gediş dağıdıcı ola və rifahı poza bilər. Üstəlik, ticarətin qarşısında maneələr yüksək olduqda əla yaxşının düşməninə çevrilə bilər.
Ceyms Mid milli gəlirin hesablanması, məşğulluq, beynəlxalq ticarət, gömrük ittifaqları və tarifləri, gəlirlərin bölüşdürülməsi, qiymətlərin müəyyən edilməsi və vergitutma ilə bağlı əsərləri ilə tanınır. Alim “staqflyasiya” nəzəriyyəsinin müəllifidir.
Ceyms Mid 1977-ci ildə "beynəlxalq ticarət və kapitalın beynəlxalq hərəkəti nəzəriyyəsinə verdiyi qabaqcıl töhfələrə görə" Nobel mükafatına layq görülüb.
Dünya iqtisadiyyat elminə cidd təsiri olan Ceyms Mid 1995-ci ildə vəfat edib.
Bakıda keçirdiyimiz görüşlərdə Misirin xarici investorlar qarşısında mövcud maneələrin aradan qaldırılması, onlar üçün şəraitin yaradılması və hüquqi prosedurların daha da asanlaşdırılması istiqamətində görülən tədbirlər barədə danışdıq.
Bunu Misir Prezidenti Əbdülfəttah Əs-Sisi mətbuata bəyanatında deyib.
“Misirin Afrika qitəsinə qapı rolunu oynadığını nəzərə alaraq, ölkələrimiz arasında azad ticarət sahəsində imzalanmış sazişlərin vacib əhəmiyyət kəsb etdiyini vurğuladıq. Eyni zamanda, Bakı ilə Şarm-əl-Şeyx arasında birbaşa hava əlaqəsinin olmasını xüsusi qeyd edərək, iki ölkə arasında birbaşa reyslərin sayının çoxaldılmasının vacibliyini, bunun iqtisadiyyat və ticarət sahələrində əməkdaşlığımıza töhfə verəcəyini bildirdim”, - deyə Prezident Əbdülfəttah Əs-Sisi vurğulayıb.
O qeyd edib ki, Misir Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında da əlaqələrin inkişafını dəstəkləyir və bundan sonra da dəstəkləyəcək.
Dünən Azərbaycan iş adamları ilə cənab Prezidentin (Misir Prezidenti Əl-Sisi – red.) görüşü olub. Məndə olan məlumata görə, görüşün çox gözəl nəticələri olub.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi ilə geniş tərkibdə görüşündə bildirib.
“Əlbəttə ki, biznes dairələrinin birgə fəaliyyəti bizim əlaqələrimizi daha da gücləndirəcək. Biz gələcək əməkdaşlıq sahələri də müəyyən etdik. Əminəm ki, həm qarşılıqlı sərmayə qoyuluşu, həm ticarət dövriyyəsinin artırılması yaxın gələcəkdə mümkün olacaq”, - deyə dövlətimizin başçısı vurğulayıb.