Bildiyimiz kimi, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə terror hücumu həyata keçirilib. Çox təəssüf ki, Azərbaycana, apardığımız haqq mübarizəsinə qarşı kifayət qədər qüvvələr mövcuddur. Onlar açıq müstəvidə ölkəmizlə mübarizə apara bilməyəcəyini qəbul edərək qeyri-qanuni yollara əl atırlar. Azərbaycanın regiondakı qətiyyətli siyasi iradəsi həmin qüvvələrin Cənubi Qafqaz maraqlarına heç də uyğun deyil. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın Ermənistanla uzunmüddətli düşmənçilik aparacağını düşünən bir çox dövlətlər Cənubi Qafqazda münasibətləri gərginləşdirməklə öz planlarını reallaşdıracaqlarını düşünürdülər. Amma müharibə bitdikdən qısa müddət sonra Azərbaycan dövlətinin işğalçıya, xalqımıza qarşı terror, soyqırımılar təşkil etmiş bir dövlətə sülh təklif etməsi həmin güclər tərəfindən təəssüflə qarşılandı.Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Anar Əliyev deyib.O bildirib ki, Azərbaycanın sülhpərvər davranışları onların planlarına növbəti dəfə ciddi zərbələr vurdu. Azərbaycanla sivil qaydada beynəlxalq hüququn prinsipləri, demokratiya tələbləri çərçivəsində mübarizə apara bilməyəcəklərini dərk edən həmin qüvvələr müxtəlif qeyri-qanuni davranışlarla ölkəmizin bu yolda qarşısını almağa çalışırlar. Təbii ki, hədə-qorxular, təzyiqlər və şantaj yolu ilə ölkəmizi öz yolundan döndərə bilməyəcəklərini dərk etdikləri üçün artıq açıq şəkildə Azərbaycanı terrorla hədələməyə başlayıblar. Ötən ilin noyabrında İranın bəzi siyasi xüsusi xidmət orqanlarına bağlı siyasi təhlilçiləri tərəfindən Azərbaycanın terrorla hədələnməsi kimi mesajların verilməsi təsadüfi deyildi. Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu da məhz həmin çağırışların davamıdır.“1985-ci ildən başlayaraq bir çox beynəlxalq hesabatlarda İran məhz terrorizmi dəstəkləyən, terrorçu dövlət kimi qeyd edilib. Bir çox ölkələrdə törədilən terrorlarda İranın xüsusi xidmət orqanlarının iştirakı təkzib edilməz sübutlarla öz təsdiqini tapıb. Eyni zamanda, İranın müxtəlif bölgədə terrorçu qruplar formalaşdırmaq və onların maliyyələşdirilməsini həyata keçirməsi artıq sübut olunub. Bütün bunlar onu göstərir ki, İran özü terrorçu dövlətdir. İran terrorizmi maliyyələşdirən, dəstəkləyən, özünü müdafiə alətinə, vasitəsinə çevirən bir dövlətdir. Azərbaycan səfirliyinə edilən hücum da İran dövlətinin terrorçu mahiyyətindən irəli gəlir”, - deyə A.Əliyev qeyd edib.

Abba Eban Beynəlxalq Münasibətlər və Diplomatiya İnstitutunun direktoru, İsrailin BMT və Böyük Britaniyadakı keçmiş səfiri Ron Prosor ölkəmizin Tehrandakı səfirliyində törədilmiş terror aktı ilə əlaqədar Azərbaycan xalqını dəstəklədiyini bildirib.AZƏRTAC xəbər verir ki, tviterdəki mikrobloqunda diplomat və publisist yazıb: “Bu çətin zamanda biz çiyin-çiyinə sizin yanınızdayıq”.

Fransa Azərbaycanın Tehrandakı səfirliyinə hücumu qınayır.AZƏRTAC xəbər verir ki, bu haqda Fransa Xarici İşlər Nazirliyinin (XİN) yaydığı kommünikedə bildirilir.Kommünikedə qeyd edilib ki, Fransa Tehranda Azərbaycan səfirliyinə bir nəfərin ölümü və iki nəfərin yaralanması ilə nəticələnən hücumu qınayır. Həlak olmuş əməkdaşın ailəsinə və yaxınlarına başsağlığı verir.Bildirilib ki, səfirliyə və diplomatlara qarşı hücum qəbuledilməzdir.İran hökumətini öz ərazilərində olan səfirlikləri və diplomatları qorumaq məsuliyyətini yerinə yetirməyə və bu hücumu aydınlaşdırmağa çağırılıb.

Daşınmaz əmlakın qeydiyyatı və alqı-satqısı ilə bağlı prosedurlar sadələşdiriləcək, xərclər azaldılacaq.AZƏRTAC xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin qrup rəhbəri Leyla Bərxudarzadə Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın təşkilatçılığı, İqtisadiyyat Nazirliyinin, aidiyyəti dövlət qurumlarının və özəl tərəfdaşların iştirakı ilə “Biznesin yerləşdiyi yer” indikatoruna dair 2022-2023-cü illər üzrə Yol xəritəsinin təqdimatında məlumat verib.Bildirilib ki, sahibkar hər hansı əmlakı üzərinə götürmək və qeydiyyata almaq üçün bir neçə quruma müraciət etməli olur. Bu əsas meyarlardan biri hesab edilir. Qurumların sayının artması onun mənfi qiymətləndirilməsinə, azalması isə müsbət qiymətləndirilməsinə səbəb olur. Qarşıda duran ilk hədəf bu prosedurların, müraciət ediləcək qurumların sayının azaldılması və minimallaşdırılmasıdı ikinci meyar çəkilən xərclərdir. Sözsüz ki, qurumların sayı artdıqca xidmət haqları, sənədlərin əldə edilməsi üçün müxtəlif xərclər yaranır. Bu xərclərin optimallaşdırılması qarşıya qoyulan ikinci hədəfdir. Üçüncü meyar isə sənədlərin əldə edilmə imkanlarının asanlaşdırılmasından ibarətdir. Vətəndaş və yaxud sahibkardan minimum sənəd tələb edilməklə bu xidmətin tam yekunlaşdırılması nəzərdə tutulur”,- deyə Leyla Bərxudarzadə qeyd edib.Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin idarə heyətinin sədri Nigar Alimova vurğulayıb ki, daşınmaz əmlakın qeydiyyatı ilə bağlı əvvəllər dörd prosedurun həyata keçirilməsi bir həftə vaxt tələb edirdisə, yeniliyə əsasən bu, bir gün ərzində cəmi bir prosedurla həyata keçiriləcək.

Qərbi Azərbaycana Qayıdış böyük bir prosesdir. Buna beynəlxalq zəmanətlə yanaşı, Ermənistan dövlətinin də təminatı lazımdır. Sonuncu deportasiya zamanı o ərazilərdən qovulmuş soydaşlarımızın əksəriyyətinin bölgələrdəki evi, əmlakı, mülki əvəzi ödənilmədən əllərindən alınıb. Ona görə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında həmin soydaşlarımızın mülkiyyət hüququnun bərpa olunması məsələsi qoyulub. Eyni zamanda, onların torpaq sahələrinin icmalara qaytarılması məsələsi konsepsiyada öz əksini tapıb ki, Qərbi Azərbaycan İcması olaraq biz təkcə bu köçürülmə prosesində fəal iştirak etməklə işimizi bitmiş hesab etməyəcəyik. Soydaşlarımız həmin ərazilərə qayıtdıqdan sonra da Qərbi Azərbaycan İcması olaraq fəaliyyətimizi davam etdirəcəyik - təbii ki, beynəlxalq təşkilatlarla, o ərazidə yerləşən, yəni, Qərbi Azərbaycan İcmasının etibar etdiyi dövlətin sülhyaratma missiyası ilə bir yerdə. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığıi ilə bir yerdə vətəndaşlarımızın həmin ərazidə təhlükəsiz yaşaması məsələsi həll olunmalıdır.Bu sözləri AZƏRTAC-a müsahibəsində Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli deyib.O, həmçinin qeyd edib ki, son 200 ildə soydaşlarımız etnik təmizləmələrə, deportasiyalara, soyqırımlara məruz qalaraq həmin coğrafiyalardan zorla köçürüldükdən, çıxarıldıqdan sonra bu ərazilərdəki Azərbaycan izləri ermənilər tərəfindən silinib, məhv edilib. Toponimlərimiz dəyişdirilib, abidələrimiz saxtalaşdırılıb, məhv edilib. Bu ərazilərdəki tarixi-mədəni abidələrimizin vəziyyəti dəyərləndirilməlidir. Onların bərpası məsələsi gündəmə gəlməlidir. Hansı ərazilərə ki, soydaşlarımız köçürüləcək, o ərazilərin toponimlərinin geri qaytarılması, Azərbaycan adlarının bərpa olunması məsələsi də Qayıdış Konsepsiyasında öz əksini tapıb.

Azərbaycanda da gender əsaslı zorakılığa qarşı qanunlar qəbul edilib, milli siyasət və qabaqlayıcı tədbirlər həyata keçirilir. Bu prosesdə rəsmi qurumlarla yanaşı, qeyri-hökumət təşkilatları da fəal iştirak edirlər. Hələ XIX əsrdə Azərbaycan yazıçıları və pedaqoqları, daha dəqiq desək, kişi yazarlar gender bərabərliyi, gender zorakılığı, erkən nikahlar və onların fəsadları haqqında yazırdılar. Həmin yazıçılar gender bərabərliyinin təminatı kimi təhsilin vacibliyini vurğulayırdılar. 1901-ci ildə azərbaycanlı xeyriyyəçi Zeynalabdin Tağıyev Şərqdə müsəlman dünyasında qızlar üçün ilk məktəb açıb. Çünki o, qızların cəmiyyətin tamhüquqlu üzvünə çevrilməsinin əsas açarının təhsil olduğuna inanırdı. 1918-ci ildə Azərbaycan qadınlara səsvermə hüququ verən ilk müsəlman ölkəsi kimi tarixə düşdü.AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Pərvin Kərimzadə qurumun qış sessiyasında “Qadınlara və qızlara qarşı gender əsaslı zorakılığın dayandırılmasında kişi və oğlanların rolu və məsuliyyəti” adlı məruzənin müzakirələri zamanı çıxışında deyib.Deputat qeyd edib: “Müasir Azərbaycan Konstitusiyası cinsindən asılı olmayaraq, hamının bərabərliyini təmin edir. Yaxşı qurulmuş qanunvericilik bazamız var və bu yaxınlarda milli fəaliyyət planını hazırlamışıq. Azərbaycan Respublikası Prezidentinin, Nazirlər Kabinetinin qəbul etdiyi bir sıra aktlar məişət zorakılığının qarşısının alınmasının hüquqi əsas hesab olunur”.Bildirilib ki, gender əsaslı zorakılıqla mübarizə uzun illərdir bir çox ölkələrin milli və beynəlxalq gündəmində olub. Zorakılıqla mübarizənin yolu köklü gender stereotiplərindən xilas olmaqdır. Qəbuledilməz sosial normaları dəyişdirmək üçün birgə səy göstərərək, gender əsaslı zorakılığın qarşısını ala və bütün insanların hüquqlarını qoruya bilərik. Bunun üçün müxtəlif rakurslardan hərəkət etməliyik. Birincisi, qadınlara qarşı zorakılığa və ayrı-seçkiliyə həqiqətən son qoymaq üçün kişilər və oğlanlar təkcə problemin bir hissəsi kimi deyil, əksinə, onlar bu problemin həllinin tərkib hissəsi kimi qəbul edilməlidir. Qadınların ayrı-seçkiliyə və zorakılığa qarşı hüquqları uğrunda mübarizə hər şeydən əvvəl insanlıq uğrunda mübarizədir. Üstəlik, həm qızların, həm də oğlanların onlara təkcə elmin əsaslarını deyil, həm də qarşılıqlı hörmət, müstəqillik və harmoniyanı öyrədən hərtərəfli tərbiyə və təhsil almalarını təmin etmək vacibdir.P.Kərimzadə diqqətə çatdırıb ki, qadınlara qarşı zorakılıq təkcə insan hüquqlarının ciddi şəkildə pozulması deyil, həm də milyonlarla qadının və qızın həyatını məhv edən, hamı üçün hərtərəfli təhlükəsizliyə doğru irəliləyişə mane olan qlobal epidemiyadır. Dünyada milyonlarla qadın öz təhlükəsizliyi üçün narahatdır. Bu, təkcə onların şəxsi təhlükəsizliyinə təsir etmir, həm də qadınların cəmiyyətdə iştirakına, bilik və bacarıqlarından maksimum istifadə etməsinə mane olur.“Qadınlara qarşı zorakılığa son qoymaq hər kəsin borcudur. Hər kəs - kişilər və oğlanlar qadın və qızlara qarşı gender əsaslı zorakılığın qarşısını almaq üçün məsuliyyət daşıyırlar”, - deyə P. Kərimzadə vurğulayıb.

İranda qeyri-fars əhalinin üstünlük təşkil etdiyi yerlərdə, xüsusilə Cənubi Azərbaycan əyalətləri və ərəblərin məskunlaşdığı Eyvaz və ətraf regionlarda mərkəzi hökumət qəsdən yatırımlar etmir, yeni investisiyalar qoymur, istehsal müəssisələri açmır. Təbii resurslarla bağlı məcbur açılan müəssisələrdə də yerli əhali adətən işə götürülmür. Bunun nəticəsində işsiz qalan yerli əhali mərkəzi fars vilayətlərinə, ən ucuz işçi qüvvəsi kimi fərqli sahələrdə işləməyə gedir. Nəticədə isə Azərbaycan əhalisinin farslaşdırılması həyata keçirilir.Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Turab Rzayev söyləyib.O qeyd edib ki, azərbaycanlıların yerinə mərkəzi vilayətlərdən fars mənşəli işçilər gətirilir. Eyni ssenari, azərbaycanlılara, həmçinin Əhvazda ərəblərə və Şirazda Qaşqay türklərinə qarşı da tətbiq edilir. Nəticədə Cənubi Azərbaycan əhalisi kütləvi şəkildə Tehran, Ərak mərkəzi əyalətlərinə, İsfahan, Kerman, Məşhəd kimi fars bölgələrinə köçürlər.“Son 100 ilin statistikasına baxsaq, Təbriz əhali sayına görə 1-ci yerdən 4-cü yerə düşüb. Əhali sayına görə Məşhəd və İsfahan Təbrizi keçib. Tehran, Qram mərkəzi əyalətlərinin əhalisinin 60-70 faizini azərbaycanlılar təşkil edir. Azərbaycan həmişə tarixən İranın əsas sənaye mərkəzi olub. İndi isə bütün sənaye mərkəzi fars vilayətlərində cəmləşib. Mədənlərdən filizlər və digər süxurlar işlənmək üçün mərkəzə aparılır. Cənubi Azərbaycanın payına düşən yatırımlar isə yerinə yetirilmir”, - deyə politoloq vurğulayıb.TIurab Rzayev əlavə edib ki, Şərqi Azərbaycan (İran) sənaye, dağ-mədən sənayesi və ticarət təşkilatının sədri Sabir Parnian Tehran və Kerman rəhbərliyini Azərbaycanın ən böyük mədəninin – Süngün talan edilməsində ittiham edib. Qanuna görə, faydalı qazıntıların hasilatından əldə edilən gəlirin 15 faizi mədənlərin yerləşdiyi şəhərdə xərclənməlidir. Ancaq İran rəhbərliyi bunun üçün bütün şəraitin olmasına baxmayaraq, Şərqi Azərbaycanın özündə mis külçələri istehsal etməyə icazə vermir. Onun torpağı xammal şəklində Kerman və Tehran şəhərlərinə aparılır, orada külçələrə çevrilir. Müvafiq olaraq, bütün gəlir mərkəzi İranın fars vilayətlərinin büdcəsinə gedir. Şərqi Azərbaycan isə getdikcə yoxsullaşır. Süngün mis mədəni illik 24 milyard tümən gəlir gətirir (təxminən 6 milyard dollar), ancaq bu gəlirdən Şərqi Azərbaycana bir rial da vəsait çatmır.